Orbitoil
Orbitoil

Kredit şərtlərinin sadələşdirilməsi avtomobil bazarına necə təsir edir? - ARAŞDIRMA

  • 336
  • 0
  • 15-08-2022, 21:39
Kredit şərtlərinin sadələşdirilməsi avtomobil bazarına necə təsir edir? - ARAŞDIRMA
Grass Azerbaijan

Xəbər verdiyimiz kimi Azərbaycanda hibrid və elektromobillərlə bağlı kredit şərtləri sadələşdirilir. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzaladığı “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”ya əsasən ölkəyə gətiriləcək yeni elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobilə isə 20% tətbiq ediləcək. Bu güzəştlər istehsal ili 3 ilə qədər olan elektromobil və 1 ilə qədər olan hibrid avtomobillərə şamil edir. Bəs, bu yeniliyin tətbiq edilməsi Azərbaycan avtomobil bazarına və avtomobil parkına necə təsir edəcək?

"İllik ödəniş 9-10%-ə kimi azaldılmalıdır"

Avtomobil bazarı üzrə ekseprt Eldəniz Cəfərov "APA-Economics" bildirib ki, yeni qayda ilə avtokreditlə bağlı ilkin ödənişlər azaldılıb və bu ilin sonuna kimi artıq yeni şərtlərlə kreditlərin verilməsinə başlanılacağı gözlənilir. Ekspert deyib ki, avtokreditlər üzrə ilkin ödəniş faizinin azaldılması müsbət haldır. Bununla yanaşı, illik faizlərin də azaldılmasına ehtiyac var: “Hazırda şərtlər belədir ki, avtokredit götürən şəxs qalan məbləğin 15%-i civarında illik ödəniş etməlidir. Yaxşı olardı ki, bu hibrid və elektromobillərə 9-10% civarında tətbiq edilsin. Ümid edirik ki, bu məsələ də həll edilər və ekoloji təmiz avtomobillər vətəndaşlar üçün daha da əlçatan olar. Bu isə öz növbəsində köhnəlməkdə olan Azərbaycan avtomobil parkının yenilənməsinə və ölkədə ekoloji durumun yaxşılaşmasına təsir edə bilər”.


"İlin sonuna kimi bölgələrdə elektrik doldurma məntəqələri artırıla bilər"

E.Cəfərov qeyd edib ki, ilbəil Azərbaycana idxal edilən hibrid və elektromobillərin sayı artır. Xüsusilə də hibrid Azərbaycanda çox populyardır. Ümumilikdə isə Azərbaycanda elektromobillərlə bağlı infrastruktrun genişləndirilməsinə ehtiyac var:"Düşünürəm ki, bu ilin sonuna qədər bununla bağlı müəyyən layihələr ortaya qoyulacaq. Elektrik doldurma məntəqələrinin sayı xüsusilə də bölgələrdə artırılacaq. Bu addım həm ölkəyə elektromobil idxalını, həm də vətəndaşların bu nəqliyyat vasitələrinə marağını daha da artıra bilər".

E.Cəfərov ümumilikdə isə hesab edir ki, 2030-cu ilə qədər ölkəyə idxal edilən avtomobilərin 50%-ni ekoloji təmiz avtomobillər təşkil edəcək.

"Avtomobil şirkətləri artıq Azərbaycanda da yeni ekoloji təmiz avtomobillərin satışa başlayır"

Avtomobil eksperti Eyyub Əliyev “APA-Economics”ə açıqlamasında bildirib ki, elektromobil və hibrid nəqliyyat vasitələri ilə bağlı kredit şərtlərinin sadələşdirilməsi özü-özlüyündə müsbət addımdır. Bir sıra xarici avtomobil şirkətlərinin Azərbaycanda rəsmi təmsilçiləri artıq ekoloji təmiz avtomobillərin satışına başlayıb. Bu istiqamətdə idxalın artırılması üçün distribütoru olduqları şirkətlərlə danışıqlar aparırlar və gələcək planlarını bu istiqamətdə qururlar: "Yəqin ki, gələn ildən avtomobil salonlarında ekoloji təmiz nəqliyyat vasitələrini artımını daha çox müşahidə edəcəyik".


"Kredit şərtlərinin sadələşdirilməsi "ikinci əl" avtomobil bazarını "vurub""

Ekspert bildirir ki, ekoloji təmiz avtomobillərlə bağlı kredit şərtlərinin sadələşdirilməsi "ikinci əl" avtomobil bazarında durğunluq yaradıb: "Yəni, avtomobil almaq istəyənlər hazırda daha çox gözləmə mövqeyindədirlər. Son iki həftədə müşahidələrimə əsasən ikinci əl avtomobil bazarında durğunluq müşahidə olunur. Bunun bir səbəbi “Ai-95” markalı benizinin bahalaşmasıdırsa, digər səbəb avtokredit şərtlərinin sadələşdirilməsi və ekoloji təmiz avtomobillərə artan maraqla bağlıdır. Amma bunun üçün hesab edirəm ki, ilk növbədə infrastruktur qurulmalıdır. Bu, ölkədə elektromobillərə kütləvi marağın artmasına çox böyük təsir göstərəcək”.

Şərhlər